Namaz


Bayram Namazı

İldə iki dəfə Ramazan və Qurban bayramlarında bayram namazı qılınır. Bayram namazını qılmaq vacibdir. Bayram namazı bayramın birinci günü günəş doğduqdan bir qədər sonra qılınır.

Bayram namazı belə qılınır:

Bayram namazına niyyət edib imamla birlikdə “Allahu Əkbər” deyərək namaza başlanılır. Səssizcə “Sübhanəkə” oxunur. İmam “Allahu Əkbər” deyərək əllərini qulaqlarına qaldırır.
   Camaat da ürəyində “Allahu Əkbər” deyərək eyni şəkildə əllərini qaldırır, sonra yana salır. İkinci dəfə eyni şəkildə təkbir alınıb əllər yana salınır. Üçüncü dəfə yenə təkbir alınır və bundan sonra əllər bağlanır. İmam “Fatihə” və bir “surə” oxuyur. Rüku və səcdələr yerinə yetirildikdən sonra ikinci rükətə qalxılır.
   İkinci rükətdə imam “Fatihə” və bir surə oxuyur. Sonra yenə birinci rükətdəki kimi üç dəfə təkbir alıb əllər yana salınır. Sonra imam “Allahu Əkbər” deyərək rükuya gedir. Bundan sonra səcdəyə qapanılır və oturub salam verilir. Bayram namazından sonra xütbə dinlənilir. (daha ətraflı oxumaq üçün həmçinin buraya daxil olun)


Təşrik təkbirləri


Qurban bayramında Ərəfə günü səhər namazından sonra başlayıb, bayramın dördüncü günü əsr namazının sonunda bitmək şərti ilə hər fərz namazın sonrasında bir dəfə təkbir gətirilir. Gətirilməsi vacib olan bu təkbirlərə təşrik təkbirləri deyilir.
"Allahu Əkbər, Allahu Əkbər, Lə iləhə illallahu vallahu Əkbər, Allahu Əkbər və lilləhil-hamd."


                       Təravih namazı

Yalnız Ramazanda hər gün gecə (işa) namazı ilə vitr namazı arasında qılınır. Ramazanda Təravih qılmaq sünnətdir. Təravihdən sonra Vitr namazı qılınır. Təravih namazı 20 rükətdir. Tək və ya camaatla qılına bilər. İki rükətdən bir və ya dörd rükətdən bir salam verməklə qılına bilər. İki rükətdən bir salam verərək qılınanda eynilə səhər namazının sünnəti kimi qılınır. Dörd rükətdən bir salam verməklə qılınanda isə əsr namazının sünnəti kimi qılınır.

                         Səfər namazı

   Səfərə çıxan kimsələr üçün dinimizdə bəzi güzəştlər vardır. Bunlardan biri də namaza aiddir.
   Olduğu yerdən 90 km uzaqlıqda olan bir yerə gedən şəxs səfərə çıxmış sayılır. Səfərdə olan şəxs getdiyi yerdə on beş gündən az qalarsa, burada və səfər əsnasında dörd rükətli fərz namazlarını iki rükət olaraq qılar. Sünnətləri qısaltmaz, çətinlik olmayacaqsa, onları tam qılar. Axşam namazı və vitr namazlarını yenə üç rükət olaraq qılar.

                            Cənazə namazı

   Cənazə namazı vəfat edən müsəlmanlara bu duadır. Günahlarının əfv edilməsi və xətalarının bağışlanması məqsədi ilə yerinə yetirilən son bir vəzifə və bir vəfa borcudur.
   Cənazə namazı müsəlmanların bəzilərinin qılması ilə digərlərinin üzərindən bu məsuliyyətin qalxmasına vəsilə olan bir ibadətdir. Əgər heç kim qılmazsa, o qəsəbədəki bütün müsəlmanlar günahkar olarlar. Bu cür ibadətlərə “Fərzi-kifayə” deyilir.

                            Cənazə namazı necə qılınır?

Cənazə namazı camaatla qılınan bir namazdır. Cənazə yuyulub, kəfənlənərək namazın qılınacağı yerdə “Müsəlla (cənazə namazı qılmaq üçün yer)”ya qoyulur. Cənazə camaatın önündə olur. Namaz qıldıracaq imam ölünün sinəsi ilə eyni istiqamətdə durur. Camaat ayaq üstə və qibləyə tərəf imamın arxasında səf(sıra) bağlayır. Camaatın üç sıra halında durması müstəhəbdir.
   Cənazə namazı dörd təkbir gətirilərək ayaq üstə qılınır. Rüku və səcdəsi yoxdur. “Niyyət etdim Allah rizası üçün bu müsəlmanın cənazə namazını qılmağa, uydum imama” –deyərək niyyət edilir. İmamla birlikdə təkbir alınır və əllər bağlanır sonra “Sübhanəkə” duası “və cəllə sənauk” əlavəsi ilə birlikdə oxunur. Arxasınca imam ilə birlikdə ikinci təkbir alınır və “Allahummə salli-barik” duaları oxunur. Sonra imam ilə üçüncü təkbir alınır və Peyğəmbər Əfəndimizin oxuduğu, bildiyi cənazə dualarından biri oxunur. Əgər, əzbər bilmirsə, “Qunut duası”, ya da “Rabbənə ətinə”, “Rabbənəğfirli” duaları və ya başqa bir dua ayəsi oxunur. Bunlardan sonra imam ilə dördüncü təkbir alınır və heç nə oxumadan sağa və sola salam verilərək namaz bitirilir.
   İlk təkbirdən sonrakı təkbirlərdə əllər qaldırılmaz. Digər namazları pozan şeylər cənazə namazını da pozar.

                                        Qəza namazları

   Yatmaq, unutmaq kimi hər hansı bir səbəbdən vaxtında qılınmayan bir namazı vaxtından sonra qılmağa qəza deyilir. Namazlarımızı vaxtında qılmalıyıq. Amma əgər hansısa bir səbəbdən qıla bilmədiksə, mütləq qəza etməliyik.
   Qəza namazı bu cür qılınır:
Əvvəlcə azan oxunur (bəylər üçün), iqamə gətirilir (bəylər üçün) və hansı namaz qılınacaqsa, o namazın qəzasına niyyət edilir və sadəcə fərzi qılınır. Sünnətlər qəza edilməz. Səhər namazı qəzaya qalarsa, o gün günəş doğduqdan sonra qəza edilərsə, əvvəlcə sünnəti, sonra da fərzi qəza edilir.
* Qəza namazlarını belə növbəti günə saxlamayaq. Çünki, səhərin bizim üçün bu dünyada açılıb-açılmayacağı sadəcə və sadəcə Allaha məlumdur.

                                  Camaat namazı

Evdə və ya, məsciddə olsun, fərqi yoxdur, fərz namazları camaatla qılınmalıdır. Camaatla namaz qılmaq təkbaşına namaz qılmaqdan 27 dəfə çox savab qazandırır.

Camaat namazı belə qılınır:

İmam camaatdan bir az irəlidə dayanır. İmam “Fatihə”ni və sonra buna əlavə edəcəyi ayə və surəni oxuduğu zaman camaat oxumadan dinləyər. Ancaq, digər təsbih və duaları camaat da oxuyar.
   İmama uyan şəxs birinci rükətdə sadəcə “Sübhanəkə”ni oxuyur. İmam istər səsli oxusun, istərsə də səssiz, həmin şəxs bütün rükətlərdə heç bir şey oxumaz. Amma rüku və səcdə təsbihlərini, oturuşdakı duaları oxuyar.
   Camaatla namaz qılmaq üçün iki nəfər kifayət edir. Biri imam olar, o birisi də ona uyan. İmama uyan ağıllı bir uşaq və ya bir qadın belə olsa, camaatla namaz qılınmış olur. Camaatla qılınan bir namaza sonradan çatan kimsə dərhal imama uyar. İmam salam verən kimi, o salam vermədən ayağa qalxar və ötürdüyü rükətləri qılar. Rükudan əvvəl və ya rüku əsnasında imama uyan kimsə, o rükətə çatmış, yəni onu qaçırmamış deməkdir. İmama uyan şəxs imamdan əvvəl təkbir almaz, rüku və səcdəyə qapanmaz.