Wednesday, April 4, 2012

Xeyir, zərər...

   Qədim zamanlarda varlı bir tacir var idi. Bir gün tacir yenə bir ticarətdən yaxşı pul qazanmış və evinə doğru üz tutmuşdu. Ancaq bir meşənin yanından keçəndə birdən yağış başladı. Həm də yağış o qədər güclü idi ki, tacir az qala sümüklərinə qədər islandı. İslanmaqdan heç xoşu gəlməyən tacir öz-özünə: "Allahım, kaş ki, belə yağışlı günləri yaratmayaydın? Kaş ki, bütün günləri günəşli yaradaydın?" -dedi. Bu vaxt meşənin içindən əlində tüfəng bir oğru çıxdı. Və tüfəngi tacirə tutub tətiyi çəkdi. Ancaq yağış barıtı islatdığı üçün tüfəng açılmadı. Oğru da meşənin dərinliklərinə qaçıb "yox oldu". Tacir həm canı, həm də pulu xilas olduğu üçün çox sevinirdi. Ancaq birdən bir az əvvəl dediyi sözlər yadına düşdü və:

"Allahım, dediyim o sözlər üçün məni bağışla. Əgər Sən bu günü yağışlı yaratmasaydın, mən bəlkə də indi çoxdan ölmüşdüm, -dedi...
P.S. "Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. (Onu) Allah bilir, siz bilməzsiniz". (Bəqərə.216).
*Ailəm,2012

Palçıq, yoxsa...?

   Artıq neçə illərdir ki, bir çox geoloq və bioloqlar Quran ayələrindəki "insanın palçıqdan yaradılması" fikri üzərində tədqiqatlar aparırlar. Bunlardan bir neçəsi isə Massaçusets Texnologiya İnstitutundan (ABŞ) Hayman Hartman, Kaliforniya Universitetindən(ABŞ) Leyl M. Koyn, Lyej Universitetindən (Belçika) Pyer Latsio, Qlazqo Universitetindən isə (Şotlandiya) Qrem K. Smitdir.
   Bəs elə isə palçıq nədir? Allah Quranda insanın palçıqdan yaradılması ilə bağlı "O, yaratdığı hər şeyi gözəl yaratdı, insanı (Adəmi) yaratmağa palçıqdan başladı" (32.7) deyir. Halbuki palçıq deyəndə çoxlarının ağlına bataqlıqlar və palçıq yığınları gəlir. Ancaq bu bir həqiqətdir ki, palçıq olmasaydı, nə elektronika elmi olar, nə də qitələr və peyklərarası rabitə meydana gələrdi. Hətta XX əsrin ən böyük uğurlarından biri olan kompyuter də kəşf edilməzdi. Çünki elektronikanın əsasını təşkil edən yarımkeçiricilər palçıqdan başqa bir şey deyil. Rabitədə yeni bir çığır açan superkeçiricilər də həmçinin...
   Sözsüz ki, palçıqla bağlı möcüzələr bununla da bitmir. Palçıq həm də ən yaxşı katalizatordur. Buna görə də, neftayırmada palçığın əvəzi yoxdur. Digər tərəfdən, palçıq zəhərli maddədəki zəhəri özünə çəkərək onları neytrallaşdırır. Palçığın başqa mühüm xüsusiyyətlərindən biri də radioaktiv elementlərindəki radiasiyanı neytrallaşdırmaq və onların ətraf mühitə zərər verməsinin qarşısını almasıdır.
   Leyl M. Koyn, "İlk baxışdan hərəkətsiz görünən palçıq hərəkət dolu gizli bir dünyadır", -deyir və palçığın böyük enerji mənbəyi olduğunu bildirir. Palçıq kristal şəklində elementlərdən təşkil olunur və kristal molekulları palçıqda lövhələr şəklində düzülür. Maraqlıdır ki, Ceyms Qlek kristal lövhələrin üzərindəki ion qruplarının hərəkətini şahmat taxtası üzərindəki fiqurların hərəkətinə bənzədir və ion qruplarının da şahmat fiqurları kimi müəyyən məntiqlə hərəkət etdiyini bildirir. Bəs torpaqda bu əlamətlər haradandır? Leyl M. Koyn bu barədə deyir: "Palçığın kristal quruluşu statik və sabit deyil. Molekul quruluşu sabit olan kristallar boş kağız kimidir. palçığın kristal quruluşunun sabit olmaması ona ətraf mühitlə enerji mübadiləsinə imkan verir. Həyatın ən sadə keyfiyyətlərindən biri də ətraf mühitdən enerji almaq və bu enerjidən istifadə etməkdir. Həyatın digər keyfiyyəti isə özünü bərpa etmək xüsusiyyətidir. Hər iki keyfiyyət palçıqda var və bu da həyatın palçıqla başladığını deməyə imkan verir".
   Hayman Hartman isə palçıqla bağlı, "Əgər əlimizdə kifayət qədər cihaz olsaydı və palçığı molekul yox, atom səviyyəsində tədqiq edə bilsəydik, indi bildiklərimizdən qat-qat çox bilərdik. Ancaq inanıram ki, o vaxt da həyatın necə meydana gəlməsi ilə bağlı suala cavab tapmaqda çətinlik çəkərdik", -deyir. Hartman daha sonra əlavə edir: "Məncə həyat təkcə atomdan və hüceyrədən ibarət deyilş Palçıqla bağlı apardığımız tədqiqatlar nə qədər uğurlu olsa da, ona həyat vermək bizim imkanlarımız xaricindədir. Onun sirri Uca Yaradanın əlindədir. Biz ancaq ağlımızın sərhədlərinə qədər gedə bilərik. Bir sözlə, həyatı laboratoriyalarda əldə etmək mümkün deyil". Bu sözlərlə Hartman elm adamına layiq bir şəkildə ruh həqiqətini ortaya qoyur və insan oğlunun onu heç vaxt dərk edə bilməyəcəyini bildirir. İsra surəsinin 85-ci ayəsində buyurulduğu kimi : "Ya Məhəmməd! Səndən ruh haqqında soruşarlar. De ki: "Ruh Rəbbimin əmrindəndir.  Sizə bu barədə yalnız cüzi bir bilik verilmişdir!.."
*Ailəm,2012