Thursday, May 10, 2012

Yad qapını döyəndə nələrə diqqət etməliyik?

   Qonaq gedirik, qonaq qəbul edirik, qapı döyürük, qapımız döyülür. Açdığımız qapının qarşısında tanıdığımız, tanımadığımız adamlar görürük. Qapı bizim dünya ilə aramızdakı səddir. Hər kəs o səddin həmişə xeyirə açılmasını istəyir. Qapı döymək, içəridən adam çağırmaq mədəniyyət tələb edir. Bu mövzuda bir çox məqamlara ciddi əməl etmək lazımdır. Qapını möhkəm, həm də təkidlə döymək düzgün deyil. Ola bilsin ki, heç qapını döymürsünüz, zəngi basırsınız. Yenə təkid etməyin, qısa zəng çalın. Sizin uzun sürən zənginiz ev sahibini təbdən çıxara bilər. Qapını döydükdən və zəngi basdıqdan sonra qapının gözlüyündən sizə baxacaqlar. Əgər tanımasalar, kim olduğunuzu soruşacaqlar. Siz də ətraflı cavab verməli və gəlişinizin məqsədini söyləməlisiniz. Çalışın qapı açılana qədər siz sağ və ya sol tərəfə çəkiləsiniz. Burada əsas məsələ oldur ki, siz qapı açılanda evin içini görməyəsiniz. Yoxsa, qapı açılan kimi ev sahibinin çiyni üzrəindən içəri boylanmaq ədəbsizlikdir."Buyur" deyib, içəri dəvət edilməyənə qədər mənzilə daxil olmayın. Ümumiyyətlə, evə dəvət edilsəniz belə, mümkün qədər qapıda ləngiməyə çalışın ki, evdə hər şey bu vaxt ərzində yerbəyer edilsin. Evə daxil olanda ev sahibinin icazəsi ilə, həm də onun göstərdiyi yerdə əyləşmək lazımdır. Bu gün məişətimizdə, həyat şəraitimizdə bəzi şeylər dəyişsə də, əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimiz, əxlaq normalarımız olduğu kimi qalır. Bu mənəvi dəyərlər, bu əxlaq normaları bizim sərvətimizdir. Bu sərvəti qorumaq isə hər birimizin borcudur.
*Ailəm,2012