Saturday, August 27, 2011

SOMALI hamımızın imtahanıdır!

Siz bir can qurtarın ki, Allah da sizi qurtarsın. Mərhəmət edin ki, mərhəmət görəsiniz.
Somalidə aclıqdan övladlarını, yaxınlarını itirən adamlar o halları ilə oruc tutur, yardım kimi aldıqları bir balaca qabdkı yeməyin yarısını iftarda, yarısını sahurda yeyirlər. O halı ilə şükredən, o ağır imtahan içində "Allah" deyib duran bəndənin duasını Mərhəməti Sonsuz olan Allahımız qəbul etməzmi?
   Onlar da müsəlmandırlar. Dinimiz "Müsəlman müsəlmanın qardaşıdır" buyurmaqdadır. Demə, Somali aclıqla, dünya müsəlmanları da Somali ilə imtahan olunurlar. Bu hikməti görmək, anlamaq lazımdır.
   Kim əmindir ki, o vəziyyət nə zamansa buralara da gəlib çıxmayacaq, Kim Allahın göndərəcəyi bəladan sığortalana bilər axı?
   Özümüzün, övladlarımızın o hallara düşməsini istəmiriksə, bir bu dərdin önünü sədəqəsi olan sədəqəsi ilə, olmayan da duası ilə elə Somalidəcə kəsməliyik.
   Çəkinməyin, zəkatlarınızı, fitrələrinizi, ya hansısa sədəqənizi Somaliyə göndərin. Göndərin ki, o məsum körpələr acından ölməsinləe. Onlar üçün ölmədikləri, yaşaya bildikləri hər gün bayramdır.
   Nə olar ora göndərin, Allahın rizasını qazanmaq, mərhəmətinə qovuşa bilmək üçün əllərinizi bir az geniş açın.
   İnanın ki, bu düşüncə, bu qardaşlıq duyğusu Allaha xoş gedər və Aləmlərin Rəbbi neçə-neçə günahlarımızı əfv edər.
   Bir də unutmayın ki, verən əl alan əldən daha xeyirlidir. Rəbbim bütün ibadətlərinizi dərgahında qəbul buyursun! Amin!
Somaliyə yardım kampaniyasının bank hesabları:
AZN
Azərbaycan Beynəlxalq Bankı /Sahil filialı
Kodu: 805595
Müxbir hesab: 0137010002944
S.W.I.F.T. BIK IBAZAZ 2X
Azərbaycan Qızıl Aypara Cəmiyyəti
Hesab N 33308019449748533210

ABŞ Dolları
Azərbaycan Beynəlxalq Bankı /Sahil filialı
Kodu: 805595
Müxbir hesabı: 0137010002944
S.W.I.F.T. BIK IBAZAZ 2X
Azərbaycan Qızıl Aypara Cəmiyyəti
Hesab N 33318018409748533210

Tusiab
VOEN 1700024421
Yapı Kredi Bank
Azərbaycan QSC
KOD: 509987
VOEN 9900009021
H/h 00000515 AZN
M/h 0137010012944
S.W.I.F.T. KABAAZ22
VOEN 1700024421

Azərbaycan
Sənaye Bankı ASC
KOD : 509664
VOEN 99 00007981
H/h 100-15187 AZN
M/h 0137010016944
S.W.I.F.T. BIC CAPNAZ 22



Zaman,2011

Zəkat - Müsəlmanlar arasında körpü

Zəkat vermək - zəngin müsəlmanlara Allahın əmridir.
"Zəkat"ın mənası təmizləmək, pak etmək, bərəkət, çoxalmadır. Elə mahiyyəti də lüğəvi mənası kimidir. Quranda otuzdan çox yerdə zənginlərə zəkat vermək əmr olunur.
   Zəkat ildə bir dəfə ailənin ehtiyacları ödəndikdən sonra qalan gəlirin ən azı qırxda biri, yəni 2.5 faizi qədər verilir. İstəyən daha çox verə bilər.
   Bir müsəlmanın bilərək zəkat verməkdən imtina eləməsi "mənim Allaha ehtiyacım yoxdur" anlamına gəlir.
   Hər şeyin sahibi olan Allah sağlığı, sərvəti, övladı verərək insanı imtahan edir. Zəkat verməkdən imtina etmək Allahın haqqını inkar etməkdir, Onu hər şeyin Sahibi kimi görməməkdir.
   Zəkat miqdarı Allaha aiddir və Allah-u Təala onun ehtiyacı olan bəndələrə verilməsini əmr edir.
   Zəngin müsəlman malının zəkatını verərək onu təmizləyir, pak edir.
   Sizin 97.5 litr suyunuz var, o suya 2.5 litr çirkab qatın. Alınan kütlə nə qədər təmizsə, zəkatı verilməyən mal da o qədər təmizdir.
   Zəkatı verilən mala Allah bərəkət verər. Malın zəkatını vermək üzüm tənəyini budamaq kimidir. Görüntüsü, zahiri kütləsi azalar, amma bərəkəti, səmərəsi çoxalar.
   Zəkat - kasıbın zənginin malındakı haqqıdır, müsəlmanlar zəkat körpüsündə əl tutub görüşərlər.
   Zəkat verən zəkat alana minnət qoymaz, onun sayəsində bu ibadəti yerinə yetirə bildiyi üçün minnətdar olar.
   Zəkat - İslamın beş şərtindən biridir, ibadətdir.
   Zəkat verməyən müsəlman onun hesabını Allaha verər.
*Zaman,2011

Həzrəti Əlinin altı dirhəmi

   İlk dəfə deyildi ki...Bu ailə çox belə günlər yaşamışdı.
   Evin xanımı Peyğəmbər qızı, kişisi Peyğəmbərin əmisi oğlu olsa da, bəzən yeməyə bir şey tapmadıqları üçün ac yatmalı olurdular.
   Fatimeyi-Zəhra anamız evdə olan-qalan altı dirhəmi Həzrət Əliyə verdi və bazardan yemək üçün bir şeylər almasını istədi. Bir kilo ət alacaqdımı, meyvəmi, xurmamı... 6 dirhəmə nə ala bilərdisə, alacaqdı. Alıb gətirəcək və balaları Həsəni, Hüseyni sevindirəcəkdi.
   Həzrət Əli balalarını necə sevindirəcəyini düşünə-düşünə bazara tərəf addımlayırdı ki, səs-küyə başını qaldırdı. Bir nəfər bir başqasının yaxasından yapışıb borcunu tələb edirdi. O birisi də "yoxumdur, neyləyim, olsun ki, verim" deyib yalvardı. Həzrət Əli ola, bu mənzərənin yanından laqeyd keçə, heç mümkündürmü?-Əsla! Yaxınlaşıb:
-Qardaşım, bunun yaxasından niyə yapışmısan? - soruşdu.
   Borc sahibi dedi:
-Ya Əli, bunun mənə borcu var, geri ala bilmirəm.
O birisi də belə dedi:
-Ya Əli, kaş ki olaydı, mən də borcumu qaytarıb yaxamı bu adamın əlindən qurtara biləydim.
   Həzrəti Əli borcun nə qədər olduğunu soruşur: Düz altı dirhəm, yəni Həzrəti Əlinin cibindəki pul qədər.
   Pulu çıxarıb borc sahibinə verir və məsələ bununla da tamamlanır.
   Saatlarla bazarda dolaşır, düşünür ki, yaxın tanış-bilişdən kiməsə rast gələr, bir az borc istəyər, amma olmur, nəhayət, əliboş evinə qayıdır.
   Artıq gün əyilmək üzrəydi, uşaqlar qarşısına yüyürürlər. Fatimeyi-Zəhra anamız ərinin əliboş gəldiyini görüb niyə boş döndüyünü soruşur. Həzrəti Əli belə deyir:
-Ey Peyğəmbər qızı, bazara gedərkən bir nəfərin borc üstündə bir müsəlmanın yaxasından yapışıb ona əziyyət verdiyini gördüm. Mən də o altı dirhəmi verib həmin adamı azad elədim. Ona görə də əliboş dönməli oldum.
   Fatimeyi-Zəhra anamız:
-Sən sənə yaraşanı eləmisən, Allah səndən razı olsun. Mən də çalışaram uşaqları birtəhər ovudub yatırım, - deyir.
   Həzrəti Əli bir qədər oturur, amma körpələrin küskünlüyünə dayana bilmir və durub evdən çıxır ki, məscidə getsin, Rəsulullahın o mübarək çöhrəsinə baxıb bütün sıxıntılarını unutsun. Evindən bir qədər aralanmışdı ki, əlində gözəl bir dəvənin ovsarını çəkə-çəkə gələn birisi ona yaxınlaşır və deyir:
-Ya Əli! Mən bu dəvəmi satıram, bunu məndən al, yüz dirhəmə verirəm, baha deyil.
   Həzrəti Əli tərəddüd edir:
-Mənim pulum yoxdur ki, dəvəni alım.
   Həmin şəxs deyir:
-Eybi yoxdur, sən dəvəni al, satıb mənim pulumu sonra qaytararsan.
   Həzrəti Əli bir qərar verməmiş həmin şəxs dəvənin ovsarını onun əlinə verib gözdən itir. Həzrəti Əli sanki yuxudan ayılır, bir özünə, bir də yanındakı dəvəyə baxır. Əslində heç dəvəni satan adamı da tanımırdı. Tərəddüd içində yoluna davam edərkən o biri küçədə bir başqası qarşısına çıxır və:
-Ya Əli, nə gözəl dəvən var, bunu mənə satarsanmı? -deyir.
   Həzrət Əli dillənməyə macal tapmamış həmin şəxs sözünə davam edir:
-Üç yüz dirhəm verirəm, istəyirəm ki, bu dəvəni mənə satasan.
   Həzrəti Əli razılaşır, üç yüz dirhəmi alıb dəvənin ovsarını ona verir və yolunu dəyişib bazara gedir. Ailəsi üçün ərzaq alıb evinə dönür. O gecə Həsən də, Hüseyn də bayram edirlər. Dəvə sahibinin də yüz dirhəmini ayırıb bir tərəfə qoyur.
   Həzrəti Əli xanımına deyir:
-Ey Fatimə, gördünmü, Allah-u Təala nə qədər mərhəmətlidir, öz bəndəsinin əməlini necə yüksək mükafatlandırır. Altı dirhəmi verib bir müsəlmanın dərdinə əncam elədik, Allah-u Təala onun qarşılığında bizə iki yüz dirhəm yetirdi. Çox məmnun olurlar.
  Sübh namazında Həzrəti Əli Rəsulullaha yaxınlaşıb başına gələnləri ona danışmaq istəyir. Allahın sevimli Peyğəmbəri çevrilərək Həzrəti Əlinin üzünə baxır və təbəssümlə soruşur:
-Ya Əli, dəvə gözəl idimi?
Həzrət Əli təəccüblə soruşur:
-Siz hardan bildiniz, ey Allahın Rəsulu?
   Allah Rəsulu sualı sualla qarşılayır:
-Dəvə satanı və dəvə alanı tanıdınmı?
-Xeyr, heç birini tanımadım.
-Ey Əli, bil ki, Allah-u Təala sənin əməlinə mükafat olaraq o dəvəni Həzrəti Cəbrayılla sənə göndərdi və Həzrəti İsrafillə də səndən satın aldı.
*Zaman,2011

Sədəqə - Sədaqətin təsdiqidir

   Sədəqə deyəndə ağlımıza təkcə dilənçinin ovcuna buraxılan qəpik-quruş gəlməsin. Bir insanın könlünü almaq üçün üzünə təbəssümlə baxmaq da sədəqədir, gəlib-keçənlərə mane olmasın deyə yola düşən daşı götürmək də, yıxılan birisinin qolundan yapışmaq da...
   Sədəqə - Bəndənin Allaha olan sədaqətinin təsdiqidir. Sədəqə verənin, daha doğrusu, xoş əməl işləyənin niyyəti Allahın rizasını qazanmaq, yəni Onu xoşnud, məmnun etmək olmalıdır. Niyyət başqadırsa, əməl də sədəqə olmaz.
  Sədəqə - Allah rizası üçün verilər, yəni Allahın ehtiyac sahibi olan bəndəsinə verilər, amma qarşılığı ancaq Allahdan gözlənər.
   Sədəqə - Allaha borc verməkdir, bu dünyada verib, axirətdə qarşılığını alırsan, həm də qat-qat artığı ilə.
   Həyatını Allah rizası üçün sədəqə edənlər sadiq olurlar.
   Sadiq olmaq - nəfsinin istədiyi kimi yaşamaq deyil, Allahın istədiyi kimi olmaqdır.
   Allahın istədiyi kimi olanlar peyğəmbərlərin yanında yer alırlar.
   Göz yumub-açınca Ramazanın son günlərinə gəldik.
   Ramazan - Allahın ayıdır və Ay Sahibi buyurur ki, Onu düşünərək bu ayda oruc tutanların mükafatını Özü verəcək.
   Ramazan orucuna yeni bir dad qatan başqa bir ibadət də bu aya məxsus olan fitrə sədəqəsidir. Fitrə sədəqəsi Ramazanın son günlərində imkansız müsəlmanlara verilir ki, bayram ovqatı onların evində də yaşansın. Fitrə sədəqəsinin ən aşağı miqdarı bir müsəlmanı bir gün ərzində doyura biləcək qədərdir, yuxarısı isə istədiyin və imkanın yetdiyi qədər.
   Sadiqlərin ən Sadiqi, ən Böyüyü Allah-u Təala Həzrətləridir. O, bizim könlümüzü də bilir, niyyətimizi də və bizə dəyəri də elə niyyətimizə görə verir. Niyyət də duadır axı.
   Yetər ki, biz sadiq ola bilək və bütün həyatəməzə sədəqə- sədəqə Onun Sonsuz Mərhəmətinə təqdim edə bilək.
   O, bizi elə məmnun edər, elə sevindirər ki, düşünməyə təsəvvürümüz, söyləməyə dilimiz aciz qalar.
*Zaman,2011

Ramazan bayramı və Bayram namazı

Möminin ömrü Ramazan ayı kimidir, dünyada haramlardan uzaq durar, ölümü ilə bayrama qovuşar. Mömin üçün ölüm ayrılıq deyil, sevdiyinə qovuşmaqdır.
   Peyğəmbər Əfəndimiz (s.a.s) Mədineyi-Münəvvərəni şərəfləndirərkən, xalqın ildə iki dəfə bayram edib əyləndiklərini öyrənərək belə buyurmuşdur: "Uca Allah o iki bayram əvəzinə sizə onlardan daha xeyirli iki bayram ehsan etmişdir". Sonra Əfəndimiz (s.a.s) o günlərin Ramazan bayramı və Qurban bayramı olduğunu müjdələmişdir. Ramazan bayramı üç gün, Qurban bayramı isə dört gün davam edir.
-Cümə namazı fərz olan kəslərə Ramazan və Qurban bayramı namazları da vacibdir.
-Bayram namazları iki rükətdir. Camaatla qılınır. Əzan və iqaməsiz imam iki rükət Ramazan və ya Qurban bayramı namazına niyyət edir. Camaat da iki rükət bayram namazı qılmaq üçün imama uymağa niyyət edir. "Allah-u Əkbər" deyə iftitah təkbiri alınır, hamılıqla səssiz "Sübhanəkə" oxunur. Sonra imam yüksək səslə, camaat gizlicə "Allah-u Əkbər" deyə üç təkbir alır. Təkbirlərdə əllər yuxarı qaldırılır, sonra yanlara salınar. Üçüncü təkbirdən sonra vəziyyət alınır. İmam gizlicə "Əuzi-Bismillah"ı oxuduqdan sonra hamının eşidəcəyi səslə Fatihə surəsi və Quran-i Kərimdən ayələr oxuyur. "Allah-u Əkbər" deyərək rükü və səcdəyə gedir. Camaat da gizlicə təkbir alıb imama uyur. Sonra ikinci rükətə qalxırlar. İmam Fatihə surəsilə Quran-i Kərimdən ayələr oxuyur. Yenə birinci rükətdə olduğu kimi əlləri qaldıraraq üç dəfə təkbir alırlar. Ondan sonra imam yenə aşkar surətdə, camaat isə gizlicə "Allah-u Əkbər" deyə rükuya və səcdəyə gedirlər. Sonra oturub "Tahiyyat, Salli, Barik və Rabbəna Atina" dualarını oxuyur və salam verərək namazı tamamlayırlar.
-İmam bayram namazını qıldıqdan sonra xütbə oxumaq üçün minbərə çəxər, cümədə olduğu kimi iki xütbə oxuyur. Ancaq, bayram xütbələrinə təkbirlə başlayırlar. Camaat da yavaş səslə bu təkbirləri təkrar edir.
-Bayram namazına yetişməyən kəs özbaşına bayram namazı qıla bilməz. İstəsə, dörd rükət nafilə namaz qılar. Bu, səhərlə günorta arası olan bir namazı əvəz edir və böyük savabı var.
-Bayram namazları məscidlərdə və eləcə də hər kəsin toplaşa bildiyi bir yerdə qılınır.
-Bayram günlərində erkən qalxmaq, yuyunmaq, gül yağı və bu kimi xoş ətirlər vurmaq, ən gözəl və ən təmiz paltar geyinmək, rast gələn mömin qardaşlara gülərüz göstərmək, imkan olduğu qədər çox sədəqə vermək, bayram gecələrini ibadətlə keçirmək müstəhəb və gözəl hesab edilir.
-Bayram günlərində müsəlmanların bir-birilərini təbrik etməsi, görüşüb salamlaşması, hal-əhval tutması və bir-birilərinə -"Allah bizi və sizi bağışlasın" kimi dua etməsi də gözəldir.
*Zaman, 2011

Wednesday, August 24, 2011

İsraf edən şeytanın qardaşıdır

Bu dünyada birisi üçün çoxluq
              o birisi üçün yoxluqdur...
   İsraf - Allah-ü Təalanın verdiyi nemətlərə qarşı hörmətsiz davranmaq, xəsislik isə Allah-ü Təalaya güvənməməkdir. Müsəlman Allah-ü Təalanın yaratdığı hər şeyə dəyər verər və Allahdan başqa kimsəyə də güvənməz.
   Xəsislik - sərvət üzərində Allahı deyil, özünü sahib görmə korluğundan doğur.
   Allah-ü Təala insanın yeganə və sarsılmaz güvən yeridir.
   İsraf - məhrumiyyətin anasıdır.
   Qənaət - verdiyi nemətlər üçün Allah-ü Təalaya şükrün ifadəsi olmaqla yanaşı, həm də başqalarını düşünməkdir.
   Qənaət - ən böyük sərvətdir. İnsan üçün mühüm olan çox şeyə sahib olmaq deyil, az şeylə öz ehtiyaclarını qarşılaya bilməkdir.
   Allah-ü Təala Quran-i Kərimdə möminlərin xarakterik xüsusiyyətlərindən bəhs edərkən israf üzərində dayanır. Müsəlman şəxsiyyətinin formalaşmasında israf məsələsi test imtahanı kimidir. Bir adam israfçıdırsa, o, gerçək mömin ola bilməz.
   İsraf edənlər Allah-ü Təalaya qarşı çıxmış olurlar. Xüsusilə də Furkan surəsinin 67-ci ayəsində möminlərdən bəhs edərkən onların nə israfşı, nə də xəsis olmadıqları xüsusi vurğulanır və bu ikisinin arasındakı o doğru yol üzrə yaşadıqları bildirilir. O doğru yol nədir? - Hər şeyin dəyərini bilməklə yanaşı, lazım gələndə bütün sərvətini "uf" demədən verə bilməkdir. Dünyaya sahib olacaqsan, amma dünyanı könlünə buraxmayacaqsan. Halal yolla qazanmaq üçün çalışacaqsan, hər kəsdən daha fəal, varlə olacaqsan, amma varın-dövlətin əsiri, köləsi olmayacaqsan. Var-dövlət sənin üçün məqsəd olmayacaq, vasitə olacaq. İslam əxlaqında möminin dünya ilə münasibəti məhz bu xətt üzrə tənzimlənir. Bunu bacaran israfdan da, xəsislikdən də qurtarmış olacaq. İsraf malın bərəkətini aparır, qənaət bərəkətini artırır.
   Həyatımızın hər sahəsində israf var, qənaət var, xəsislik var. Zamanını boş yerə xərcləmək də israfdır; gözünün nurunu, qolunun gücünü gərəksiz və ya zərərli işlərə sərf etmək də israfdır; ehtiyacından artıq yemək də israfdır; artıq danışmaq da...
   İsraf da, xəsislik də mənəvi xəstəliklərdir, onlardan xilas olmağın yolu hər şeyin sahibinin Allah olduğuna inanmaq və işimizə yarayan hər şeyin bizə əmanət olaraq verildiyinə inanmaq, bir gün də onların hamısına görə Allah-ü Təala qarşısında hesab verməyi bilməkdən başlayır.
*Zaman,2011

Astma xəstəsi boğaza dərman püskürdərək oruc tuta bilərmi?

 Bu zamana qədər astma xəstəliyinə qarşı ən effektiv müalicə üsulu məhz sprey dərmanlardan istifadə hesab edilib. Əgər bir müsəlman oruc tutaraq Allahın əmrini yerinə yetirmək istəyirsə və nəfəs tutulmadan qurtulmaq üçün sprey püskürməsindən istifadə edirsə, bunun alternativi yoxdursa, başqa neyləyə bilər ki?
   Əgər oruc hansısa xəstəliyin şiddətlənməsinə səbəb olursa, o zaman oruc tutmaq yox, tutmamaq daha doğru yoldur. Kimsə xürafata varmasın, "Allah üçün oruc tuturam" -deyib, Allah-ü Təalanı imtahana çəkməyə cəhd eləməsin. Allah bizə ağıl verib, üstəlik də bəzi xəstəliklər oruc tutmamaq üçün məzuriyyət buyurulub. Əslində "bizim" dediyimiz canımız da Allahın bizə bir əmanətidir və kimsənin haqqı yoxdur ki, o əmanəti təxrib eləsin, pozsun, dağıtsın. Unutmayaq ki, sağlığına qəsd edən insan Allaha bunun hesabını verməli olacaq. Çünki bizim canımız, bədənimiz Allah-ü Təalanın əsəridir, O, bizi ən gözəl şəkildə yaradıb.
   Oruc tutmaq Allahın əmridir, Allah öz bəndələrinə çətinlik istəməz, onların inciməsini arzu etməz. Əgər bir bəndə Allahın əmrini yerinə yetirmək üçün sprey dərmandan istifadə etməyə məcburdursa, bunu qadağan etmək Allahdah savayı kimsənin həddi deyil və Allah-ü Təala qulunun səmimiyyətini mükafatla qarşılayar. İstər astma xəstəsi olsun, istərsə də hər hansı bir xəstə, əgər ona oruc tutmaq zərərdirsə və ən azı iki müsəlman həkim tutmağı qadağan edirsə, tutmamalıdır.
*Zaman,2011

Friday, August 19, 2011

Qədr gecəsi hansı gecədir?

Qur"anın ayələrinə nəzər salmaqla məlum olur ki, Qədr gecəsi Ramazan ayındadır. Çünki Bəqərə surəsinin 185-ci ayəsində buyurulur:
       "şəhru ramazanəlləzi unzilə fihil Quran"
"Quran, Ramazan ayında nazil olmuşdur".
      "innə ənzəlnəhu fi ləylətil qədr"
"Biz Qur"anı Qədr gecəsində nazil etdik".
"Qədr gecəsi Ramazan ayının hansı gecəsidir?" sualının cavabına gəldikdə aşağıdakı müxtəlif nəzərlər irəli sürülmüşdür:
1-Ramazan ayının 17-ci gecəsi;
2-Ramazan ayının 19-cu gecəsi;
3-Ramazan ayının 21-ci gecəsi;
4-Ramazan ayının 23-cü gecəsi;
5-Ramazan ayının 25-ci gecəsi;
6-Ramazan ayının 27-ci gecəsi;
7-Ramazan ayının 27-ci gecəsi.
Belə ki, sadalanmış gecələrin hər birinin Qədr gecəsi olması ehtimal olunur. Əhli-beyt və Əhli-sünnə məzhəbləri arasında olan məşhur nəzərə əsasən, Qədr gecəsi Ramazan ayının axırıncı on günündədir. Necə ki, Həzrət imam Əli (r.a) nəql edir ki, "Peyğəmbərdən (s.a.s) Qədr gecəsinin hansı gecə olduğu soruşulduqda, buyurdu:
   "Onu Ramazan ayının axırıncı on günündə axtarın".(Biharul-ənvar,94-cü cild, səh-10)
   Həmçinin Həzrəti Aişədən (r.a) nəql olunur ki, Həzrəti Peyğəmbər (s.a.s) Ramazan ayının axırıncı on gecəsini ibadət və ehya saxlamaqla məşğul olurdu.(Səhihul-Buxari,3-cü cild,səh-103)
   Bu hədis də Qədr gecəsinin Ramazan ayının axırıncı on gecəsində olmasını təsdiq edir.
   Ramazan ayında Qədr gecəsinin gizli qalmasının səbəblərindən biri də bu ola bulər ki, insan çoxlu gecələri öz Allahı ilə raz-niyaz etsin və ibadətlə məşğul olsun. Allahın bu gecələrdəki hədsiz rəhmətindən daha çox bəhrələnsin.
   Qədr gecəsi o qədər qiymətlidir ki, Quran onun barəsində belə buyurur:
   "Ləylətul qədri xayrun min əlfi şəhr"
"Qədr gecəsi min aydan daha yaxşıdır."(Qədr surəsi, 97/3)
   Bildiyimiz kimi, min ay 80 ildən çoxdur. Nəticə etibarilə götürsək, məlum olur ki, insan bu bir gecədə 80 illik yolu gedə bilər. Allahın dərgahına ağlamaqla bütün günah və xətaları məhv edə bilər.
   Həmçinin, bu gecədə dua etməyə, dünya və axirət hacətləri istəməyə heç bir məhdudiyyət qoyulmur. Ümumiyyətlə, Allah-u Təala Ona dua etməyi buyurur. Ancaq, bu gecə başqadır. Boş oturmaq olmaz. Oturub qeybət etmək, televizorda mənasız şeylərə baxmaq yaxud da boş işlərlə məşğul olub da "mən qədr gecəsinə qaldım, heç yatmadım" deyənlər eşitdim. Qədr gecəsi yuxusuz qalıb yatmamaqla bitmir. İbadətlə məşğul olmaq lazımdır. Bacarırsınızsa, bütün 10 günü ibadətlə Qədr gecəsini keçirin. Bu mübarək gecədən istifadə edin. Bənzətmə etibarilə belə demək olarsa, "Qədr gecəsində əlini nəyə vursan, qızıl olar".
*məlumatlar Dini suallara cavab kitabından-Elmi tədqiqat birliyi